Bütün dini məsələlərdə “sərt” və yaxud “yumşaq” mövqe seçənlər haqda

                   بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

             السلام عليكم ورحمة الله وبركاته

Çoxlarına yaxşı məlumdur ki, islam tarixində müxtəlif dini və fiqhi məsələlərdə alimlər arasında ixtilaflar, fikir ayrılıqları olub. Belə ixtilafların əmələ gəlməsi təbiidir: alim də insandır, hər bir insanın isə fərdi anlamı, düşüncə tərzi var – bu da fikir ayrılığına gətirib çıxara bilər.

Əlbəttə, bir çox dini məsələ haqda Quran və Sünnədə birmənalı, açıq-aydın dəlillər mövcuddur, və bu məsələlərdə ixtilafa yer yoxdur. Məsələn: Allahın şəriksiz və Tək Yaradan olması, Ona ibadətin vacibliyi, oğurluq və zinanın haram olması, qadın üçün hicabın vacibliyi, yaxın qohumlar arasında (ana, bacı, qardaş, oğul və s.) evlənmənin haram olması və bir çox digər məsələ.

Bəzi mövzularda isə dəlillər birmənalı deyil, və alimlərin ictihadı üçün yer var. Məsələn, bəzi firqələrin təkfiri məsələsi, vacibliyini inkar etmədən namaz qılmayanın hökmü, cəhalətin üzürlü olub – olmamasıyla bağlı məsələlər və s.

Biz burada hansı dəlillərin daha doğru, hansının daha zəif olmasından danışmırıq – bu başqa bir mövzudur. Sadəcə demək istəyirik ki, bu məsələlərdə ixtilaf mövcuddur, və hər iki tərəf Quran və Sünnədən dəlillər ortaya qoyur.

Elm əhlindən bəziləri dedilər ki, belə ixtilafların olmasında böyük bir hikmət var. Çünki insanlar məcbur olurlar ki, belə bir məsələni öyrənmək üçün, hər iki tərəfin dəlillərinə baxsınlar, araşdırsınlar, elmə müraciət etsinlər, öz dinlərini daha dərindən öyrənsinlər.

Bir daha təkrar edək: dəlillərinə baxsınlar, araşdırsınlar, elmə müraciət etsinlər. Yəni, öz nəfslərinə, havalarına uyğun fətvanı seçməsinlər!

Təəssüf ki, reallıqda biz çox vaxt bunun tam əksini görürük. Bəziləri bütün məsələləri yüngülləşdirməyi, digərləri isə hər bir mövzuda sərt mövqe seçməyi tərcih edirlər.

Belələrini Quran və Sünnədə olan dəlillər maraqlandırmır, onların öz dinləri var – nəfslərinə uyğun olan bir din!

Uca Allah deyir:

أَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَٰهَهُ هَوَاهُ أَفَأَنْتَ تَكُونُ عَلَيْهِ وَكِيلًا

“Nəfsini özünə ilah edən kimsəni gördünmü?..” (25:43).

Ibn Kəsir bu Ayətin təfsirində deyir: “Yəni, könlünə xoş gələni, nəfsinə uyğun olanı özünə yol və din olaraq seçirdi…”

Gəlin bu haqda bəzi alimlərin sözlərinə daha ətraflı nəzər salaq.

İsmayıl ibn İshaq əl-Qadi dedi:

«Mən Mutədidin (xəlifənin) yanına girdim, və o mənə bir kitab göstərdi. Mən bu kitaba baxdım – orada alimlərin müxtəlif məsələlər haqda yüngülləşdirici fikirləri toplanmışdı, baxmayaraq ki, alimlər bu fikirləri səhv edərək söyləmişdilər. Və mən dedim: “Ey möminlərin əmiri, bu kitabın müəllifi – zındıqdır!”

O soruşdu: “Məgər bu hədislər (yəni dəlil olaraq kitabda gətirilən hədislər) səhih deyilmi?” Mən dedim: “Hədislər rəvayət edildiyi kimidir. Lakin nəbiz içməyi caiz görənlər – mutanı (müvəqqəti nigahı) caiz görmürdülər, mutanı caiz görənlər – nəbizi və musiqini caiz görmürdülər, və elə bir alim yoxdur ki, onun səhvi olmasın! Amma əgər kimsə alimlərin səhvlərini cəm etsə, sonra isə bu səhvlərlə əməl etsə – onun dini yox olar!”

Onda Mutədid əmr etdi, və bu kitabı yandırdılar».

(«Əs-Siyər», 13/465; «Əs-Sünən əl-Kubra», 10/211).

İmam Müəmmər ibn Rəşid dedi:

«Əgər kimsə Mədinə əhlinin musiqi və qadınlarla arxa yerdən əlaqə haqda, Məkkə əhlinin muta və riba haqda, Küfə əhlinin nəbiz işmək haqda fikirlərini cəm edib götürərsə – o Allahın qullarının içində ən şərlisi olar!»

(Onun bu sözlərini imam Əbu Bəkr əl-Həlləl gətirir: “Əmr bil-məruf və nəhy ənil-münkər”, 174).

Və bu haqda başqa alimlərin də sözləri var.

Günümüzdə insanların ədalətsiz, elmsiz və birtərəfli mövqeyi bir çox şəriət məsələsində üzə çıxır. Məsələn:

– Namaz qılmayanın hökmü.

– Allahın şəriətiylə idarə etməyənlərin hökmü.

– Tövhid məsələsində cəhalətin üzürlü olub – olmaması.

– Kafirlərin məktəblərində oxumağın caiz olub – olmaması.

– Özünü islama mənsub edən bəzi firqələrin hökmü.

– Qeyri-sağlam əqidəli islami partiyaların və təşkilatların hökmü.

– Kafirlərlə bəzi münasibətlərin hökmü

                                                   və s.

Eləsi var ki, bu məsələlərin heç birində ixtilafı qəbul etmir, və bütün hallarda təkfiri, üzürsüzlüyü və sərtliyi seçir. Əgər bir müsəlman uşağını dünyavi məktəbdə oxumağa qoyursa, onun haqqında ən pis zənn edərək, deyir: “Məktəbdə olan küfrləri bəyəndi, deməli, mürtəd və kafir oldu”. (Yeri gəlmişkən, deyək ki, əgər belə bir qayda olsaydı, onda oğurluq və yaxud qiybət edən haqda demək olardı ki, “Allahın haram etdiklərini bəyəndi, və bunu edərək, kafir oldu”).

Belələri nəinki tövhid məsələsində, hətta daha kiçik hallarda cəhaləti üzürsüz hesab edirlər, və yenə də məsələni təkfirə gətirib çıxarırlar. Məsələn: cəhalətdən dolayı musiqini, siqareti halal hesab edən insanlara kafir hökmü verirlər (“haramı halal” etdiklərinə görə).

Bu cür yanlış düşüncələr nəticəsində, hər kəsin əqidəsini “mikroskop altında” araşdıraraq, hərədə bir səhv tapırlar, və dünya müsəlmanların əksəriyyətini təkfir edirlər. Özlərini isə seçilmiş, “əsil tövhid əhli”, nümunəvi müsəlman, qızıldan qiymətli bir insan hesab edirlər.

Bəziləri isə, əksinə, bütün məsələlərə barmaqarası baxır, və hər bir küfr edənə üzr tapırlar: hətta tövhidi öyrənmək istəməyənə, islam dəvətindən üz çevirənə, könüllü şəkildə cəhaləti və şirki seçənə. Belələri nəinki şəriətlə hökm etməyənləri – hətta Allahın şəriətini qadağan edənləri, cinayət hesab edənləri, özlərini qanunverici adlandıranları, və bu “qanunvericiliyi” həyata keçirərək, şəriəti bütövlüklə batil konstitusiyalarla əvəz edənləri “müsəlman” adlandırırlar. Bunun səbəbini onlardan soruşduqda isə, çox gülünc cavablar verirlər. Məsələn, deyirlər ki, “svetofor” və yol hərəkəti qaydaları şəriətə uyğundur, ona görə də bu qanunlar şəriətə tam zidd deyil.

Bu cür insanlar dini məsələlərdə əvvəlcə nəfslərinə uyğun fikri seçib, sonra ona dəlil axtarırlar. Özlərinin dində azması bəs deyil – Uca Allah dediyi kimi, başqalarını da yoldan çıxarırlar, “dəvət edirlər”:

وَمَا لَكُمْ أَلَّا تَأْكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُمْ مَا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا اضْطُرِرْتُمْ إِلَيْهِ ۗ وَإِنَّ كَثِيرًا لَيُضِلُّونَ بِأَهْوَائِهِمْ بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ

 

“…Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyaraq (başqalarını) azdırırlar…” (6:119).

Bu haqda çox yazmaq olardı, amma bu problemi açmaqda bizim məqsədimiz var. Müsəlmanlara nəsihət etmək istəyirik ki, özünüzə nə “sərt”, nə də “yumşaq” din axtarmayın! Bir məsələni araşdırdıqda, Quran və Sünnədə onun necə olduğunu araşdırın! Əgər dəlillərə baxırsızsa, hər iki tərəfin dəlillərinə baxın! Hər hansı bir fikri seçdikdə, ədalətlə seçim edin! İxtilaflı məsələlərə birtərəfli yanaşanları, bütün məsələlərdə “yumşaq” və yaxud “sərt” olan “dəvətçiləri” gördükdə, onlardan üz çevirin ki, sizi azdırmasınlar. Öz dinlərini nəfslə əvəz etdikləri kimi, sizi də dininizdən məhrum etməsinlər. Necə ki, Uca Allah buyurub:

يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ فَاحْكُمْ بَيْنَ النَّاسِ بِالْحَقِّ وَلَا تَتَّبِعِ الْهَوَىٰ فَيُضِلَّكَ عَنْ سَبِيلِ اللَّهِ ۚ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَنْ سَبِيلِ اللَّهِ لَهُمْ
عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ

 

“…və nəfsin istəklərinə uyma, yoxsa o səni Allahın yolundan azdırar…” (38:26).

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s